Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2022

İmam Hadinin (ə) həyatından

Adı: Əli (ə)

Məşhur ləqəbi: Hadi, Nəqi

Künyəsi: Əbulhəsən

Atası: Məhəmməd (ə)

Anası: Səmanə

Doğum tarixi: 212-ci hicri qəməri ili, 15 zilhiccə

Doğulduğu yer: Mədinə

İmamət müddəti: 33 il

Ömrü: 42 il

Şəhadət tarixi: 254-cü hicri qəməri ili

Qatili: Mötəzz, həzrəti zəhərlə şəhid etmişdir

Dəfn olduğu yer: Samirə (İraq)



Nurlu təvəllüd

Mədinə yaxınlığındakı Sərya adlı bir məntəqədə nurani bir övlad dünyaya gəldi. Onun atası İmam Cavad (ə), anası isə fəzilətli və təqvalı qadın olan Səmanə xanımdır.

İmam Cavad (ə) bu uşağı görəndə çox sevindi və Allahın səmavi hədiyyəsinə görə Ona şükür etdi.



İmam Hadinin (ə) gizli fəaliyyətləri

İmam Hadinin (ə) imaməti dövrünə diqqət etdikdə görürük ki, Abbasi xəlifələri arasında hamıdan çox Mütəvəkkil o həzrətin müasiri olmuşdur.

Mütəvəkkil Bəni-Haşimə qarşı çox kobud və kin-küdurətli rəftar edirdi. Onun vəziri Übeydullah ibn Yəhya ibn Xaqan da, həmişə onun yanında Əli (ə) nəslinə qarşı töhmətlər qoşaraq, onu bu tayfaya qarşı pis davranmağa təhrik edirdi. Mütəvəkkil Ələvilərə qarşı zülm və insafsızlıqda sanki bütün Abbasi xəlifələrini ötüb keçmişdi. Mütəvəkkilin Əli (ə) və onun övladlarına qarşı misli görünməmiş bir düşmənçiliyi var idi. Əgər bir nəfərin İmam Əliyə (ə) rəğbət bəslədiyindən xəbər tutsaydı, bütün mal-dövlətini müsadirə edib özünü də öldürürdü. Elə buna görə də İmam Hadi (ə) Mütəvəkkilin hakimiyyəti dövründə öz fəaliyyətini gizli şəkildə aparır, şiələrlə münasibətdə son dərəcə ehtiyatla hərəkət edirdi, şiələrlə gediş-gəlişləri məxfi surətdə baş tuturdu.

Məhəmməd ibn Şərəf deyir: Mədinədə İmam Əliyyən-Nəqi (ə) ilə birlikdə yol gedirdim. İmam (ə) buyurdu: "Sən Şərəfin oğlusan?" Dedim: Bəli. Sonra o həzrətdən bir sual soruşmaq istədim. İmam məni qabaqlayıb buyurdu: "Biz indi camaatın çox get-gəl etdiyi küçədəyik, bura sual soruşmaq üçün münasib deyil."



İmamın ehtiyaclılara yardımı

Əbu Haşim Cəfəri deyir: Bir dəfə bərk maddi çətinliyə düşdüm. İmam Hadinin (ə) hüzuruna getdim. Oturduqdan sonra həzrət buyurdu: "Ey Əbu Haşim! Allahın sənə verdiyi nemətlərin hansı birinin şükrünü yerinə yetirmisən?"

Mən sükut etdim. Nə deyəcəyimi bilmirdim. İmam özü buyurdu: "Allah sənə iman verdi və ona xatir bədənini cəhənnəm odundan qorudu. Allah sənə sağlamlıq verdi və Ona itaət etmək üçün sənə kömək etdi. Allah sənə qənaət verdi və bununla da sənin abır-heysiyyətini qorudu. Ey Əbu Haşim! Mən bunları ona görə sənə dedim ki, güman edirəm sən bu nemətləri sənə verən kəsdən mənə şikayət etmək istəyirsən. Mən göstəriş vermişəm ki, yüz (qızıl) dinar sənə versinlər. Onu al".



İmam öz tarlasında işləyir

İmam Hadi (ə) maddi meyllərdən, nəfsi istəklərdən və təkəbbürdən uzaq olaraq özünün və ailəsinin məişətini təmin etmək üçün öz tarlasında işləyirdi. Əli ibn Həmzə deyir: Əbulhəsən salisi (İmam Hadini) gördüm ki, öz tarlasında işləyirdi, ayaqları tərdən islanmışdı. Dedim: Sənə qurban olum, bəs işçilərin haradadır?

Həzrət buyurdu: "Ey Əli! Atam və məndən yaxşı olanlar, bel götürüb öz tarlalarında işləyirdilər".

- Onlar kimlər idi?

- Allahın rəsulu (s), Əmir əl-mömin (ə) və bütün ata-babalarım öz əlləri ilə işləyirdi. Bu, nəbilərin, mürsəllərin, övsiya və saleh insanların işidir.



Rum qeysərinin müsəlman olması

Rum qeysəri Bəni Abbas xəlifəsinə belə bir məktub yazdı: "Biz İncil kitabında görmüşük ki, hər kəs həqiqət üzündən onda yeddi hərf olmayan bir surəni oxusa, Allah Taala ona cəhənnəm oduna atmaz. O yeddi hərf bunlardır: sə (ث), cim (ج), xa(خ) , zə(ز) , şin(ش) , za(ظ) , fə(ف) ".

Biz nə qədər araşdırsaq da Tövrat, Zəbur və İncil kitablarında belə bir surə tapa bilmədik. Sizin səmavi kitabınızda belə bir surə varmı?

Abbasi xəlifəsi bütün alimləri topladı və bu məsələni onlara açdı. Onlar araşdırma və müzakirələr aparsalar da bu suala cavab tapa bilmədilər. Nəhayət, bu sualı İmam Hadidən (ə) soruşdular. Həzrət cavab verib buyurdu: "Bu, Həmd surəsidir. Həmd surəsində bu yeddi hərf yoxdur".

Bu yeddi hərfin Həmd surəsində olmamasının hikmətini soruşduqda İmam (ə) buyurdu: "Sə hərfi səbur (həlak olmaq), cim hərfi cəhənnəmin adlarından biri olan Cəhim, xa hərfi xəbis, zə hərfi zəqqum (cəhənnəmdə çox acı və zəhərli meyvəsi olan bir ağac), şin hərfi şəqavət (bədbəxtlik), za hərfi zülmət (qaranlıq) fə hərfi isə afətə (bəla və zərər) işarədir".

Xəlifə həzrətin cavabını Rum qeysərinə yazdı. Qeysər məktubu oxuduqdan sonra çox sevindi. O, İslamı qəbul edib müsəlman oldu və müsəlman olduğu bir halda vəfat etdi.



Şirlərin İmama (ə) ehtiramı

Məsud nəql edir:

Mütəvəkkil üç baş şirin sarayın həyətinə gətirilməsini əmr etdi. Sonra İmam Hadini (ə) öz sarayına dəvət etdi. İmam sarayın həyətinə daxil olan kimi Mütəvəkkilin əmri ilə sarayın qapıları bağlandı və həzrət şirlərin arasında tənha qaldı.

Şirlər İmamın (ə) yanına gəldilər və onun qarşısında ehtiramla oturdular və bəzən də özlərini İmama (ə) sürtürürdülər. Həzrət də mehribanlıqla şirlərin baş-qulağını oxşayır, onları nəvaziş edirdi. İmam (ə) daha sonra şirlərə əmr etdi ki, qırağa çəkilib yol açsınlar. Şirlər də bir qırağa çəkildilər və həzrət (ə) oradan çıxıb Mütəvəkkilin yanına getdi, bir müddət onunla söhbət etdi. Sonra yenə həyətə gəldi. Şirlər İmama (ə) qarşı öncəki hərəkəti yenə təkrar etdilər. İmam (ə) saraydan çıxdı. Sonradan Mütəvəkkil İmam (ə) üçün böyük bir hədiyyə göndərdi.

Mütəvəkkilə dedilər ki, sənin əmin oğlu (İmam Hadi) yırtıcı heyvanlarla gördüyün rəftarı etdi. Sən də şirlərin arasına get!

Mütəvəkkil dedi: Siz məni öldürmək istəyirsiniz.

O, tapşırdı ki, bu məsələni heç yerdə danışmasınlar.
2537 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP