Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2022

İmam Həsən Əskərinin (ə) həyatına qısa baxış

İmamın təvəllüdü

Hicrətin 232-ci ilində Mədinə şəhərində nurani bir uşaq dünyaya göz açdı. Bu imamət səmasının on birinci parlaq ulduzu Həsən Əskəri (ə) idi. Bütün ailə onun dünyaya gəlişindən sevindi və Allaha şükür etdilər. Bu körpənin atası onuncu imam həzrət Əliyyən-Nəqi (ə), anası isə Hədisə adlı təqvalı bir qadın olmuşdur. Bəzi tarixçilər onun adını Süsən qeyd etmişlər. O, çox təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, imam Həsən Əskərinin (ə) şəhadətindən sonra o cür böhranlı və həssas bir zamanda şiələrin sığınacağına çevrilmişdi.

Uşaq vaxtı Allaha diqqəti
Bəhlul deyir: İmam Həsən Əskəri (ə) uşaq olduğu bir vaxtlar gördüm. Bir dəstə uşaq oynayırdı, o isə uşaqlara qoşulub oynamır, narahat gözə dəyir və ağlayırdı. Elə fikirləşdim ki, onun da uşaqlar kimi oyuncağı olmadığı üçün ağlayır. Yaxın gedib həzrətə dedim: Əgər oyuncağın yoxdursa, mən sənin üçün onu tapım.
Həzrət buyurdu: - Biz oyun üçün yaradılmamışıq.
- Bəs nə üçün yaranmışıq?
- Elm və ibadət üçün.
- Elm və ibadət üçün yaranmağımızı haradan bilirsən?
- Allah Quranda buyurur: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?”
- Xahiş edirəm, mənə nəsihət edin.
İmam nurani sima və mələkuti bir əhvalla çox gözəl və mənali bir şerlə mənə nəsihət etdi.
Şerin məzmunu belədir:
Dünyanı görürəm ki, qoyub getməyə hazırlaşır. Ayaqlarını götürərək sürətlə hərəkət edir. Nə dünya dirilər üçün əbədidir, nə də dirilər bu dünyada qalmayacaq. Ölüm və xoşagəlməz hadisələr dünyada hamını ötüb keçirlər və cavanların canını almaq üçün tələsirlər.
Bəs, ey dünyaya məğrur olmuş və aldanmış, sakit ol! Dünyanın nemətlərindən axirət üçün möhkəm azuqə topla.

İmamın elmi fəaliyyətləri
İmam Həsən Əskəri (ə) Abbasilər hökumətinin yaratdığı o cür ağır və məhdud şəraitdə öz geniş elmini bütün cəmiyyətə çatdıra bilməzdi. Lakin buna baxmayaraq, o həzrət çətinliklə də olsa, yaranan hər bir imkandan İslam maarifini yaymaqda və düşmənlərin iradlarını rədd etməkdə böyük rolu olmuş və çoxlu sayda şagird yetişdirmişdi. Şeyx Tusi o həzrətin şagirdlərinin sayının yüzdən çox olduğunu qeyd etmişdir.
Bu cür şagirdlər yetişdirməkdən əlavə, bəzi vaxtlar müsəlmanlar üçün elə çətinliklər yaranır və müsəlmanlar elə çıxılmaz vəziyyətə düşürdülər ki, onu imam Həsən Əskəridən (ə) başqa heç kəs həll edə bilmirdi. İmam bu cür hallarda öz imamət elmi sayəsində fövqəladə bir tədbir töküb çətinliyi həll edir və müsəlmanları çıxılmaz vəziyyətdən qurtarırdı.

İmam Həsən Əskərinin (ə) nəsihətlərindən
İmam Həsən Əskəri (ə) şiələrə bir sıra əməlləri riayət etməyi tövsiyə etmişdir. Onlardan bəzilərini oxuculara təqdim edirik:

1. Allahdan qorxmaq və dində təqvalı olmaq (dinin vaciblərini yerinə yetirmək, haramları tərk etmək).
2. Allahın razılığını qazanmağa təlaş etmək.
3. Sahibinin yaxşı və ya pis olmasından asılı olmayaraq əmanəti qaytarmaq.
4. Uzun səcdələr.
5. Qonşular ilə yaxşı rəftar.
6. Allahı çox zikr etmək.
7. Ölümü çox xatırlamaq.
8. Çox Quran tilavət etmək.
9. Peyğəmbər (s) və onun ailəsinə (ə) çox salavat göndərmək. Bu işin on savabı vardır.

Böyük bir əxlaq dərsi
İmam Həsən Əskəri (ə) buyurur: “Öz din qardaşlarının hüquqlarını hamıdan yaxşı dərk edən, onun ehtiyaclarını təmin edən, onun qarşısında təvazökar olan kəs, Allahın dərgahında doğruçulardan və Əmir əl-möminin Əlinin (ə) həqiqi şiələrindən yazılar”.
Yenə buyurur: Bir kişi oğlu ilə birlikdə imam Əlinin (ə) evinə qonaq gəldi. Həzrət Əli (ə) yerindən qalxıb, onları qarşıladı və çox böyük hörmətlə onları evin ən yaxşı yerində əyləşdirdi və özü də onların qarşısında oturdu. Yemək vaxtı çatdı. Yemək gətirdilər və yemək yeyildi. Yeməkdən sonra imam Əlinin (ə) qulamı Qəmbər əl yumaq üçün dəsmal, teşt və aftafanı gətirdi. Əli (ə) onları Qəmbərin əlindən alıb qonağın əllərini yumaq üçün qabağa getdi. Qonaq özünü geriyə çəkib dedi: “Ey Əmir əl-möminin! Bu rəvadırmı Allahın gördüyü bir halda siz Allahın yanında olan bu böyük məqamınızla mənim əlimə su tökəsiniz?” İmam Əli (ə) buyurdu: “Sənin qardaşın səndəndir, səndən ayrı deyil. Allah görür ki, sənin din qardaşın (mən) xidmətində dayanmaq istəyir. Savab bir işə mane olmaq istəyirsənmi?”
O kişi yenə imtina etdi. Sonda həzrət Əli (ə) onu and verdi ki, mömin qardaşıma xidmət etmək şərəfinə nail olmaq istəyirəm, mənə mane olma.
Qonaq utancaq halda razı oldu. Həzrət Əli (ə) buyurdu: “Xahiş edirəm, əlini rahatlıqla yu. Elə yu ki, sanki Qəmbər sənin əlinə su tökür, sən də belə rahat əlini yuyursan. Xəcalət çəkməyi kənara qoy”.
Qonağın əlini yuduqdan sonra oğlu Məhəmməd ibn Hənəfiyə dedi: “Oğlunun əlini sən yu. Mən sənin atan olduğum üçün atanın əlini yudum. Sən də oğlunun əlini yu. Əgər bu oğlanın atası burada olmasa idi və təkcə oğlu qonağımız olsaydı, mən özüm onun əlini yuyardım. Ancaq Allah ata və oğul birlikdə bir yerdə olarkən onlar arasında ehtiram və hörmət cəhətindən fərq qoyulmasını sevir”.
Məhəmməd atasının əmri ilə durub qonağın oğlunun əlini yudu. İmam Əskəri (ə) bu gözəl əhvalatı nəql etdikdən sonra buyurdu: “Əsl şiə gərək belə olsun”.

Atasının dövründə zülmkarlarla mübarizəsi
İmam Həsən Əskəri (ə) imamətə yetişməzdən qabaq dörd zülmkar xəlifənin müasiri olmuşdur. Bu dörd xəlifə aşağıdakılardır:
1. Mütəvəkkil;
2. Müntəsir;
3. Müstəin;
4. Mötəzz.
İmam Həsən Əskəri (ə) atası ilə çiyin-çiyinə hərəkət etmişdir və heç vaxt xəlifələri təsdiq etməmişdir. Üstəlik, yaranan hər bir fürsətdən istifadə edərək xəlifələrə qarşı müxalif olduğunu bildirmişdir. Mütəvəkkil, cəllad, xəbis, qaniçən bir şəxs olmuş, həmişə Əli (ə) nəslinə qarşı öz kin-küdurətini və düşmənliyini büruz etdirmişdir. Hətta, imam Əlinin (ə) və imam Hüseynin (ə) qəbrinin ziyarətini qadağan etmiş, imam Həsən Əskəriyə (ə) çoxlu əzab-əziyyətlər vermişdir. Mütəvəkkil, öz oğlu Müntəsirin vasitəsilə qətlə yetirildi. Müntəsir hakimiyyətə gəldikdən sonra şiələr bir müddət rahat nəfəs aldılar.
Müntəsir atasından fərqli olaraq Əli (ə) və onun övladlarına olan məhəbbətini aşkar edərək camaata imam Hüseynin (ə) qəbrinin ziyarətinə getməyə icazə verdi, Fədəki qaytardı və Əli (ə) nəsli ilə yaxşı davrandı.
Ancaq onun ömrü çox qısa oldu. Tarixin yazdığına görə Müntəsirin həkimi ibn Teyfur onu zəhərlədi. Bu muzdur həkim türklərdən otuz min dinar alaraq Müntəsiri qan alma zamanı zəhərlədi. Beləliklə, onu öldürməklə digər zalım bir xəlifə olan Müstəin hakimiyyətə gəldi.

Müstəini nifrin etməsi
İmam Həsən Əskəri (ə) şiələrindən birinə belə məktub yazdı: “Mən bu zülmkar (Müstəin) barədə Allah dərgahına nifrin etmişəm. Allah onu üç gündən sonra vəzifəsindən uzaqlaşdıracaq”.
Üç gündən sonra bir hadisə nəticəsində Müstəin xilafətdən uzaqlaşdırıldı, sonra da qətlə yetirildi. Onun əmisi oğlu Mötəzzin tərəfdarları onu həbs etdilər, sonra da başını bədənindən ayırdılar və Mötəzz üçün gətirdilər.

Şiələri qeyb dövrünə hazırlaşdırması
Qeyd etdiyimiz kimi Abbasi xəlifələri imamlara qarşı əllərindən gələn bütün təzyiq və yasaqları həyata keçirirdilər. Bu təzyiqlər imam Cavad (ə), imam Hadi (ə) və imam Həsən Əskərinin (ə) Samirədə olduğu dövrdə özünün son həddinə çatmışdı. Abbasilərin hökuməti zamanı yaşamış üç imam bu təzyiqlərin şiddətindən cavan yaşlarında şəhid oldular. İmam Həsən Əskəriyə qarşı olan (ə) təzyiqlərin iki səbəbi var:
1. İmam Həsən Əskərinin (ə) dövründə şiələr artıq İraqda böyük bir gücə malik idilər. Bütün camaat da bilirdi ki, onlar Abbasi xəlifələrini fasid və qeyri-qanuni hesab edirlər. Onların fikrincə, İslamda xəlifəlik və həqiqi imamlıq məqamı həzrət Əlinin (ə) övladlarına məxsusdur. O dövrdə də haqq imam, həzrət Həsən Əskəri (ə) idi.
2) Abbasilər sülaləsi və onların davamçıları bir çox rəvayətlərə əsasən bilirdilər ki, bütün azğın və qəsbkar hökumətləri tar-mar edəcək vəd edilmiş Məhdi (əc), imam Həsən Əskərinin (ə) nəslindən olacaq. Buna görə də, onlar daima imam Həsən Əskərini (ə) təqib edirdilər ki, oğlunu ələ keçirib öldürsünlər. (Necə ki, Firon, həzrət Musanı (ə) uşaqlığından ələ keçirmək üçün əbəs yerə təlaş edirdi.)
İmam Məhdinin (əc) dünyaya gəlməsindən sonra atası onu yalnız xas və çox yaxın şiələrinə göstərirdi.
Digər tərəfdən də şiələrin özü ilə birbaşa əlaqəsini tədricən azaldırdı. Belə ki, hətta Samirə şəhərinin özündə şiələrin məsələlərini və çətinliklərini məktub, yaxud nümayəndələr vasitəsilə həll edirdi. Beləliklə, onları Allahın istəyi ilə oğlu Məhdinin (əc) qeybə çəkiləcəyi bir zamanın şəraitinə hazırlaşdırırdı ki, şiələr nümayəndələr vasitəsilə imam Məhdi (əc) ilə əlaqə saxlamağa alışsınlar.

İmam Həsən Əskərinin (ə) şəhadəti
İmam Həsən Əskərinin (ə) cəmiyyət arasındakı nüfuz və hörmətinin hər gün artmasından narahat olan Abbasi xəlifəsi Mötəmid, camaatın o həzrətə olan diqqətinin artdığını, zindanın, təzyiq və işgəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə kələklərinə əl atıb imamı gizlincəsinə zəhərlədi. Bərəkətli ömründən yalnız 28 il ötən imam Həsən Əskəri (ə) 260-cı hicri qəməri ilində şəhadətə yetişdi.
İmam Həsən Əskərinin (ə) şəhadət xəbəri Samirə şəhərinə yayıldıqda, şəhərdə ah-nalə, şivən səsləri ucaldı və bütün dükan-bazar bağlandı. Bəni-Haşim, divan işçiləri, ordu başçıları, şəhər qazıları, şairlər, vəkil və şahidlər, adi camaat hamı o həzrətin dəfn mərasiminə getdi.
Mötəmid öz cinayətini gizlətmək və imamın şəhid edilməsində əlinin olmadığını göstərmək üçün həzrətə təntənəli dəfn mərasimi keçirilməsini göstəriş verdi və imamın cənazəsi dəfn üçün hazır olduqda xəlifə öz qardaşı İsa ibn Mütəvəkkili o həzrətin cənazə namazını qılmağa göndərdi.
Xəlifənin qardaşının imam Həsən Əskəriyə (ə) cənazə namazı qılması simvolik bir məna kəsb edirdi və hökumət imamın şəhadətinin səs-küyünün qarşısını almaq üçün bu addımı atırdı. Ancaq bu işlərin heç biri fayda vermədi. Şiələr imamın Mötəmid tərəfindən öldürülməsini başa düşdülər. Həmçinin bildilər ki, imamın namazını qılan həzrət Məhdi (əc) olmuşdur.
Cənazə namazı qılındıqdan sonra imam Həsən Əskərini (ə) öz evində, atası imam Hadinin (ə) məzarının yanında dəfn etdilər.
1938 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP