Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2022

Babək Səmidli ordudakı korrupsiyadan, Zakir Həsənovdan danışır – TAM MƏTN


Babək Səmidli: “Top mərmisi 2 həftəyə bitdi, 2000 qadın bunların seksual ehtiyaclarını ödəmək üçün işləyir…”

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində korpus komandirinin müavini, polkovnik Babək Səmidli də iştirak edib. Onun müharibənin bitməsindən bir neçə gün sonra, noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşdüyü bildirilir. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması uğrunda” medalları, “Zəfər” ordeni ilə təltif edilən Babək Səmidlinin adı həm də “Tərtər hadisələri” kimi tanınan olayda işgəncə verən şəxslərdən biri kimi keçirdi. 

Meydan TV Babək Səmidlinin müharibədən az sonra, ölümündən isə bir neçə gün əvvəl etdiyi söhbətin audioyazısını əldə edib. Polkovnik həmin söhbətdə orduda baş verən nöqsanlardan danışıb. Meydan TV hərbi sirr hesab etdiyi bəzi hissələri təxirə salmaqla həmin söhbəti təqdim edir. Babək Səmidlinin həmsöhbətinin kimliyi məlum deyil.  

Babək Səmidli söhbətdə iddia edir ki, onları saxtakarlıq etməyə məcbur ediblər:

“Artilleriya, tank və minatanları götürsək, şəxsi heyət olaraq qüvvələr birə-bir idi. Halbuki hücum edəndə birə üç olmalıdır. Bunlar kitabla, qanla yazılma şeylərdi. Bunlar hələ döyüş başlamamışdan bizi məcbur edirdilər ki, düşmənin tank, topunun sayını az göstərək. Buna görə Əməliyyat Baş İdarəsinin rəisi Ayaz Həsənov bizi nə qədər sıxışdırdı. General-leytenantdı. O, ciddi-cəhdlə bizi sıxışdırırdı ki, düşməndən götürdüyümüz məlumatların faizini aşağı göstərək, təki bunlar Ali baş komandana məruzə etsinlər ki, üstünlüyü saxlamışıq, müharibəyə hazırıq. Halbuki korpus komandirləri deyirdilər ki, ay kişi, mən 140 tankın üstünə 140 tankla gedə bilmərəm. 140 tankın üstünə mən 250 tankla getməliyəm. Onlarsa ciddi-cəhdlə deyirdilər ki, sayı az göstərin”. 

Polkovnikin sözlərinə görə, belə az qüvvə ilə döyüşə getmək istəməyən komandir təhqir olunub:

“Bizim komandir etmək istəmədi, başladı onu təhqir etməyə: “Pampers geyin sən, qorxaqsan”. O da dedi: “Mən qorxaq deyiləm e, peşəkar hərbçiyəm. Mən hücuma gedirəmsə, əsgərim çox ölməsin deyə üstünlüyü birə üç saxlamalıyam”. Mən 6 taborla 9 taborun üstünə hücuma keçmişəm, halbuki elə olmalı deyil. 9 taborun üstünə sən 18 taborla getməlisən. Çünki itki verdikcə, sən zəifləyirsən. Düşmən müdafiədə oturub və 30 illik bir müdafiə sistemi var. Bunlar avqustda, o Tovuz hadisələrində, müharibə anonslarında bizi ciddi-cəhdlə düşmənin sayını aşağı göstərməyə sıxışdırırlardı”. 

Babək Səmidlinin sözlərinə görə, Türkiyə hərbçiləri köməyə gəldikdən sonra vəziyyət dəyişib:

“Türklər gəldi, onlara bir şey deyə bilmədi. Nə deyəcəkdi? Bəxtiyar Paşa gedib deyər Ərdoğana, o da deyər buna (İlham Əliyev nəzərdə tutulur- red) ki, qardaş, səni aldadırlar, belə deyil. Ondan sonra Bayraktar gəldi. Bayraktar gəlməsəydi, üstünlüyü saxlaya bilməmişdik…”

Mərhum polkovnik səfərbərlik zamanı baş verən nöqsanlardan da danışıb:

“Biabırçı vəziyyət idi. Nəzərdə tutulmuşdu ki, son 3 il ərzində tərxis olunmuş, yəni silah tutmağı, döyüşməyi unutmayan adamlar çağırılsın. Amma bunlar gətirdilər 2005, 2006, 2008-də tərxis olunmuşları. 10 il, 15 il əvvəl tərxis olunub gedib. Onlar əsgərlikdən heç nə xatırlamır. Həm də fiziki qabiliyyətləri düşüb aşağı, yaşları çox. Mənə sentyabrın 21-i gətirib verib, 26-sı gecə hücuma keçmişəm. Mən 5 günə əsgərə nə öyrədim? 5 günə ancaq onu çatdırdım ki, onları qəbul elədim, geyindirdim, silah verdim. Heç bir təlim keçə bilmədim”. 

“O səfərbərliklə gələnlər mənə heç olmasa 10-15  gün əvvəl verilsəydi, mən onu döyüşə hazırlayardım, müharibə 44 gün çəkməzdi, 20 günə qurtarardı. Bilirsiz, müharibənin hər bir günü dövlətə milyardlarla pul deməkdi. Hər bir günü. Müharibə uzandıqca, bizim iqtisadiyyatımıza nə boyda ziyan dəydi”, – Babək Səmidli deyib. 



O, ştatda olan qeyri döyüş qabiliyyətli qadın hərbçilərdən də danışıb:

“Mən hələ 1 qarnizonu deyirəm ha, böyük korpusları demirəm. Hamısını götürsən, total müharibəyə gedən ordunun 1500-2000-i döyüş qabiliyyəti olmayan qadınlardır. Onun yerinə mənə ştat verə bilmirsən ki, maliyyə çatdıra bilmirəm. Elə o 2 min mənə dağ-desant taborunun ştatını verəydin, mənim 2 minlik komando taborum olardı. Bu qadınlar Bakıda ancaq rəhbər şəxslərin seksual ehtiyaclarını qarşılayırlar. Zakir Həsənovdan tutmuş hamısının. Orda tək-tək sayılacaq tərbiyəli qadın var, sırf ailəsini dolandırmaq üçün işləyir. Nə qədər orda-burda gəzənlər var, gətirib qoyublar işə, dövlət onlara maaş verir, onlar da ancaq bu işlər ilə məşğul olur. Mən öz korpusumda 50-60 faizini qovdum. Bu vəzifəyə gələn kimi 50-60 faizini işdən çıxardım. Çünki yararsız adamlardır”. 

Həmsöhbətinin sualını cavablandıran Babək Səmidli deyir ki, neçə illərdir o qadınlara ev verilir, zabitlər, komandirlər isə evsiz qalır. Polkovnik Bakıda ləğv edilmiş hərbi hissələrin yerinin mənimsənilməsindən də danışıb:

“Neçə hərbi hissə ləğv olundu. 502, Badamdarda doqquz yüz neçə idi, yadıma düşsə deyəcəm. Şəhərin mərkəzində hərbi hissələri ləğv elədilər, yerini də özəlləşdirdilər. Hamısı da villa tikdi, torpaq aldı özləri üçün. Bakının ən bahalı yerləridir. Onu vəsaitə çevirsələr, ordunun bütün zabitlərini evlə təmin edərdilər, dövlətə də yük düşməz. Nəcməddin, onun müavini Zahid Hüseynov, eləcə də nazir Zakir Həsənov. Nazir bütün qohum-əqrəbasının hamısına ev verib”. 

Babək Səmidli deyib ki, kadr təyinatında yerlibazlıq, qohumluq əsas rol oynayıb:

“Polad Həşimov kimi qəhrəman şəhid oldu, daxili qoşunlardan uyğunsuzluğa görə qovulmuş adamı gətirib onun yerinə qoydu. Adam bir batalyon idarə eləməyib ha. Adamın döyüşdən anlayışı yoxdu. Xəritəni qabağına qoysan öz yerini göstərə bilmir. Nədir, bunun arvad tərəfdən qohumudur. Gətirib qoydu 3-cü korpusun qərargah rəisi. Sonra da gördülər bacarmır, çıxarıb qoydular “zamkamp”. Ona görə də 3-cü korpus döyüşə bilmir, çünki komandanlığın özünün başı çıxmır. Korpusun komandiri idi Xaqani Cəbrayılov, çıxardılar”.

Müharibənin uzun çəkməsinə gəlincə, polkovnik deyir ki, artilleriya sarıdan üstünlük qarşı tərəfdə olub:

“Əsas səbəblərdən biri artilleriya atəşinin üstünlüyüdür. Düşməndə idi. Çünki bizdə D 30-D44 daha çoxdu, bunlar 15 kilometr vurur. Amma düşməndə D20-dir, o 30 kilometr vurur. Toplarını çəkib 15 kilometr uzaqda qurur, mən mərmi çatdırıb onu vura bilmirəm. O isə 30 kilometr arxadan vurur məni və mənim hücumumu ləngidir. Müharibənin uzun çəkməsinin əsas səbəblərindən biri də odur”.

“Bir də ən böyük səbəbi odur ki, bunlar bizə ştat vermədilər. Dağıdıcı taborlar, dağ-komando briqadaları hazırlamadılar. Ancaq quru qoşunları hazırladılar. Quru qoşunu da bu ərazidə nə fəaliyyət göstərəcək? Dağda, meşədə döyüşməyə xüsusi təyinatlı bölmələr lazımdır. Mənim ordu korpusumda bir dənə kəşfiyyat taborum vardı, 300 nəfərdən ibarət. Onun da iki bölüyü xüsusi təyinatlıdır. Amma bu dağlıq, ağır coğrafi relyefli ərazidə döyüşmək üçün xüsusi təyinatlı kəşfiyyat bölmələri lazımdır. Bunun sayını artırmaq lazım idi. Biz nə qədər təkliflər yazırdıq, xüsusilə aprel döyüşlərindən sonra. Biz nə qədər dedik ki, ştat verin, motaatıcı briqada olmasın, olsun dağatıcı briqada. Dağlıq ərazidə atmağı, vurmağı bilsin. Bizə o ştatı açmadılar. İmkan vermədilər şəxsi heyəti hazırlamağa”, – Babək Səmidli danışıb. 

Hərbçi uzaqatan artilleriyanın olmamasının səbəbindən də danışıb:

“Fakt o vaxt Belarus D20  satırdı, bunlar almadılar, getdilər D30 aldılar Rusiyadan. Həmin o D20-ni də Belarus satdı Ermənistana. Həmin o D20-lər də döyüşdə bizə nə qədər ziyan vurdu”.

Polkovnikin sözlərinə görə, müharibə zamanı qoruyucu kaskalar, gödəkcələr çatışmayıb, top mərmisi 2 həftəyə bitib. Hətta rabitə cihazları olmayıb. Bunların səbəbkarı kimi Qədir Nəsibovun, general-mayor Rasim Babayevin adını çəkir:

“Rasim Babayev orda-burda hərlənib, ancaq bunlara qadın daşıyıb. Nəcməddin onu da general-mayor elədi, qoydu Komplektləşdirmə İdarəsinin rəisi. O da MAXE əsgərləri pulla işə götürürdü. Biz döyüşə girəndə 62 faiz qoruyucu jiletlə təmin olunmuşduq. Rabitə cihazları ilə 49 faiz təmin olunmuşduq. Məndə 51 faiz rabitə cihazları çatışmayıb. Mənə döyüşə 3 gün qalmış T55 tankları yollayıblar. Heç birinin rabitə cihazı yox idi. Tankla tank əlaqə saxlaya bilmirdi. Yəni biz bu şəkildə qalib gəlmişik. Çox böyük çətinliklərlə”. 

Babək Səmidli hesab edib ki, bütün bunlardan nəticə çıxarılmasa, ordunun vəziyyəti pis olacaq:

“Bunların ancaq məqsədi cənab prezidentin iradəsini qırıb Qarabağdan vaz keçirmək olub. Məğlub etmək, Qarabağdan vaz keçirmək. Göstərmək ki, sanki gücümüz çatmadı. Halbuki Azərbaycan əsgəri döyüşür, yetər ki, sən onu təmin elə”. 

Həmsöhbətinə istinadən deyir:

“GPS, karmeni siz alıb yolladız. Ondan korpusda cəmi 7 dənə olub. Halbuki minimum 100 ədəd olmalıdır, hər komandirdə olmalıdır. Getdi meşəyə, dağa, koordinatdan yerini çıxarıb artilleriya dəstəyi istəməlidir, atəş istəməlidir. Amma yoxdur. Sonradan döyüş gedə-gedə siz hardasa 30 dənə yolladız, bütün komandirlərə, kombriqlərə verdik. Bu, nə olan şeydir ki, bizə alıb verməmişdilər? Halbuki döyüşə, müharibəyə hazırlaşırıq. Adi GPS cihazıdır. Dünyanın hər ordusunda, hər kiçik komandir heyətində var. Amma bizdə, ordu korpusunda, 20 minlik qoşunda ondan cəmi 7 ədəd idi”. 

“Biz dedik ki, qardaş, batalyon qırılacaq, briqada qırılacaq, amma tapşırığı yerinə yetirəcəyik. Yəni nə qədər itki olsa da, xeyri yox idi. Cənab prezidentin tapşırığı yerinə yetirilməlidir. Çünki biz bir daha məğlub olsaydıq, bu, cənab prezidentin Qarabağla bağlı iradəsinə təsir göstərə bilərdi. Biz ancaq qana qan dedik, sonuna qədər döyüşdük ki, nə qədər adam ölür ölsün. Yəni itkini nəzərə almadıq, dedik, təki bunları buradan vuraq çıxaraq. Başqa bir məqsədimiz olmayıb”, – Babək Səmidli vəziyyəti izah edib. 

Polkovnik Azərbaycan ordusundakı snayper çatışmazlığından da danışıb:

“2019-cu ilə kimi bizdə snayper bölükləri var idi. Yaratmışdıq, yaxşı da snayperçilər yetişdirmişdik. Halbuki Ermənistanda 2 snayper məktəbi var. Bizdə isə 1 snayper məktəbini hazırlamağa qoymadılar. 45 günlük kurslar təşkil edirdilər. Özünüz bilirsiniz, 45 günə snayperçi hazırlamaq mümkün deyil. Snayper elə bir fəaliyyət növüdür ki, bunu 6 ay, 1 ilə ancaq yetişdirirsən. Yenə də biz özümüz öyrətmişdik. Nəcməddinin ora gətirib qoyduğu Aleksandr Petroviç Vasyak var. General edib gətirib otuzdurmuşdu bizim Müdafiə Nazirliyində. O, snayper ştatını, bölükləri ləğv elədi. O snayperçi uşaqların hamısı dağılışıb getdi. İndi biz bu döyüşdə o snayperçilərin birini də tapmadıq ki, fəaliyyət göstərək. Çox çətinlik çəkdik”. 


2030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP