Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2013

Leykoz haqqında bilmədiklərimiz

Leykoz sümük iliyi xəstəliyi olub, qanda keyfiyyət və kəmiyyətcə dəyişikliklər nəticəsində qanın tərkibində çoxlu miqdarda ağ qan kürəciklərinin yaranmasına səbəb olur. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur.

Həkim-terapevt Şəhla Abbasovanın Milli.Az-a açıqlamasına görə, leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar. Həmçinin qandakı eritrositlərin orqanizmdə yaranması zamanı və trombositlərdə zəifləmə nəticəsində qanı qatılaşdıran hüceyrələrdə azalma müşahidə olunur.

Ağqanlılıq

Xəstəliyin kəskin dövründə qırmızı qan kürəciklərinin miqdarında azalma o dərəcəyə çatır ki, qanda ağarma baş verir. Qanda bu və ya başqa ağ qan elementlərinin üstünlüyündən asılı olaraq leykozlar limfoleykoza (limfatik elementlər), mieloleykoza (sümük iliyi elementləri) və retikulendotelioza (qanda ağ qan kürəciklərinin çoxluğu) ayrılır. Limfeleykozda çox vaxt bədxassəli qanazlığının əlamətləri görünür. Ağ qan kürəciklərinin həddən artıq çoxalması, xüsusən də yetişməmiş ağ qan kürəciklərinin üstünlüyü ilə müşahidə olunan leykozlar leykemiya –ağqanlılıq adlanır. Bu anormallıq zamanı 1 mm qanda 100-400 min ağ qan kürəciyi ola bilər: “Leykozda ağ qan elementlərində dəyişikliklər baş verdiyi üçün qanın tərkibi sabit qalmır”.

Mieloleykoz zamanı isə qanda çoxlu miqdarda normoblastlar (eritrosit növü) və retikulositlər (cavan eritrosit) əmələ gəlir ki, bu da sümük iliyində baş verən qıcıqlanmanın göstəricisidir.

Səbəbi məlum olmayan bəla Ş.Abbasovanın dediyinə görə, bu günə qədər aparılan araşdırmalara baxmayaraq onkoloji xəstəlik olan leykoz-leykemiyanın yaranma səbəbləri tam məlum deyil. Ancaq xəstəliyin əmələ gəlməsində bəzi (leykoz virusu, infeksion-allergik, kimyəvi, radiasiya və genetik) nəzəriyyələr mövcuddur. Həmçinin ekoloji çirklənmə və atmosferə atılan tullantıların miqdarının çoxluğu belə ərazilərdə yaşayanlarda xəstəliyə yoluxma riskini artırır. Bunun nəticəsində orqanizmdə maddələr mübadiləsində, sinir və sindokrin sistemlərin funksional pozğunluğunda baş verən kəskin dəyişikliklər leykoz üçün xarakterik cəhətdir.

Kəskin leykoz

Həkim-terapevt bildirib ki, kəskin leykozlar ağır septik və hemorragik diatez halları ilə yanaşı, orqanizmdə yaratdığı ciddi dəyişikliklərlə fərqlənir. Xəstəliyin müalicəsində uzunmüddətli və xüsusi dərman pereparatlarından istifadə edilir. Bu vasitələr effektli olmadığı təqdirdə sonuncu yol sümük iliyinin köçürülməsidir. Bahalı olması ilə bilinən sümük iliyinin köçürülməsi isə asan başa gəlmir. Burada ən əsas problem uyğun donorun tapılmasıdır. Əks təqdirdə ölüm qaçılmazdır. Kəskin leykoza ən çox cavan və uşaq yaşlarında təsadüf edilir:

“Mikroskopik müayinə zamanı dəridə və başqa üzvlərlə yanaşı, daxili orqanlarda çoxlu miqdarda qansızma müşahidə olunur. Hətta xəstəliyin əvvəlində, xüsusilə diş ətlərində və badamcıqlarda yara-nekrotik proses baş verir. Müayinə zamanı sümük iliyində, qara ciyərdə, dalaqda, limfatik düyünlərdə mieloblast tipli hüceyrələr aşkar olunur. Bu üzvlərdə böyümə baş verir. Sümük iliyi adətən şirəli və qırmızı rəngdə olur. Kəskin mieloleykozla birlikdə qan elementlərində retikulyar və ya monisitar tipli hüceyrələr tapılır. Kəskin limfoleykoz hallarında sümük iliyində meqakariositlərin (əsas sümük iliyi hüceyrəsi) azalması xarakterik haldır.

Bitməyən fəsadlar

Ş.Abbasovanın sözlərinə əsasən, xəstəlik zamanı bədəndə yüksək hərarət, tərləmə, zəiflik, əzginlik, oynaqlarda, sümüklərdə ağrı olur. Xəstəliyin klinik şəkli sepsisi xatırladır. Çox vaxt xəstəlik öncəsi xəstə angina olur. Bədəndə hərarət hətta 40 dərəcəyə qədər yüksəlir və ürəkdə taxikardiya müşahidə edilir. Xəstənin vəziyyəti get-gedə ağırlaşır, bənizi avazıyır, üzü şişir, dodaqları və dili quruyur, diş ətləri yumuşalır, qansızmalar ortaya çıxır və ağızdan üfunətli iy gəlir. Badamcıqlarda və udlağın arxa divarlarında yaralar əmələ gəlir, çox vaxt ağızdan və burundan qan axır: “Damarlar kövrək olduğundan xəstədən qan götürdükdə və ya inyeksiyadan sonra qansızmalar baş verir. Qan-damar sistemində ciddi dəyişikliklər baş verir, ürəyin hüdudları genəlir, küy yaranır və ürək döyüntüləri zəif eşidilir. Qaraciyər və dalaq böyüyür, əl vurduqda isə ağrıyır. Leykemik şişlər nəticəsində döş sümüyü və qabırğalardan basdıqda ağrı hiss olunur. Bitməyən fəsadlar sırasında bağırsaq qanaxması ilə yanaşı, ishal, sidikdə zülal ortaya çıxır. Xəstələr görmə zəifliyindən şikayətlənir, bəzən bu korluqla nəticələnir. Qanda sürətli anemiya baş verir. Nəticədə trombasitlərin miqdarı azalır. Ən ciddi dəyişikliksə ağ qanda olur və leykositlərin miqdarı artır”.

Xroniki leykoz

Həkim deyir ki, xroniki leykoza, əsasən, böyüklər arasında daha sıx rast gəlinir və xəstəliyin gedişatı tədricən başlayır. Onun anatomik və patoloji simptomlarını inkişaf etdikdən sonra aşkara çıxarmaq olur. Tamamilə sağlam olub heç bir şikayəti olmayan insanı müayinə edərkən təsadüfi olaraq xəstəlik ortaya çıxa bilər. Bir sözlə, çox vaxt bu patologiya simptomsuz inkişaf edə bilər.

8 kiloqramlıq dalaq

Ş.Abbasovanın söylədiyinə görə, xəstəliyin başlanğıcında simptomlar elə də narahatedici olmur. Xəstələr çox vaxt zəiflikdən, qida qəbulundan sonra mədənin dolmasından və sol qabırğaaltı nahiyədə baş verən ağrılardan şikayət edir. Hərarət çox vaxt yüksəlir, boğazda kinkivit və angina müşahidə olunur. Bununla yanaşı, dalaqda böyümə və bərkimə olsa da, ağrı hiss edilmir. Qara ciyərdə böyümə, bərkimə ilə yanaşı, limfa vəzilərində də bu baş verir. Xəstələr döş sümüyü və qabırğa ağrısından şikayətlənirlər. Xəstəliyin başlanğıcında ürəkdə dəyişikliklər olmasa da, sonradan arterial təzyiqin və dövr edən qan kütləsinin azalması nəticəsində ürək-damar çatışmazlığı yaranır. Patologiya zamanı ən ciddi dəyişiklik sümük iliyi və dalaqda baş verir. Bu zaman həddindən artıq böyüyən dalaq diafraqmaya və başqa üzvlərə yapışır. Çəkisi 7-8 kq-a qədər artan dalaq bərkimiş olur. Sümük iliyi isə boz-qırmızı rəngdə olub irinə oxşayır.

Müayinə və müalicə

Terapevt vurğulayıb ki, xəstəliyin düzgün təyin edilməsi üçün ilk növbədə qanın müayinəsindən başlamaq lazımdır. Həmçinin xəstəliyin fəsadları dalaq, qara ciyər və limfa vəzlərinə təsir etdiyi üçün bu orqanlar da müayinədən keçirilməlidir. Xəstəliyin yaranma səbəbi haqqında dəqiq məlumat olmadığına görə əvvəlcədən profilaktik tədbirlər həyata keçirmək çətindir. Ancaq müalicə zamanı ayrı-ayrı simptomları aradan qaldırmaq və zəiflətmək üçün hormonal, vitamin, antibiotik, qanköçürmə və damar daraldıcı preparatlardan istifadə edilir. Kəskin və xroniki leykozlarda xəstəliyin fəsadlarının aradan qaldırılması üçün hormonal müalicənin əhəmiyyəti böyükdür. Bu müalicə üsulu əsasən uşaq və yeniyetmələrə yaxşı təsir göstərir.

Tibbdə inkişaf

Leykoz xəstəliyi 80-ci illərə qədər ölümcül xəstəlik olaraq tanınırdı. Ancaq sonradan tibbin inkişafı və ixtira olunan yeni müalicə üsulları vasitəsi ilə bir çox hallarda xəstəlikdən qurtulma şansı mövcuddur. Əsasən inkişaf etmiş ölkələrdə uşaqlarda aşkarlanan kəskin leykozun tam sağalma ehtimalı 80%-ə yaxındır./Milli.az

8768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
Go to TOP