Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Bakı sakinlərindən merə və digər rəsmilərə “zibil çağırışı” – (Fotolar)

Səbail rayonu, 6017-ci məhəllə, Əziz Nəzərov küçəsi, 7 b saylı binada yaşayan sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ediblər.

Müraciətin surəti Dövlət Neft Şirkətinə, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə və mediaya ünvanlanıb.

Məktubda deyilir: “Cənab Abutalıbov! Hörmətli səlahiyyət sahibləri! Yaşadığımız mənzillərin yerləşdiyi binanın (Dövlət Neft Şirkətinə məxsusdur) bir neçə metrliyində olan, qeyri-qanuni əsaslarla ayrılmış konteyner meydançasının başqa yerə köçürülməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdik. Əsasımız ondan ibarət idi ki, məişət tullantıları üçün nəzərdə tutulan konteyner meydançası yaşadığımız binanın bir neçə metrliyində olduğuna görə azyaşlı uşaqların zəhərlənmə ehtimalı yaranır. Bundan əlavə üfunət iyindən binanın mənzillərində yaşamaq mümkün deyil.

Bizim Bakı Şəhər İcra Hakimiyyətinə ərizəmiz baxılması üçün Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə göndərilib. Həmin birlik bu il iyulun 15-də bizə məktubla cavab verib. Birliyin sədr müavininin imzaladığı məktubun sonuncu abzasında qeyd olunub: “Görülmüş tədbirlər nəticəsində qeyd edilən ünvanda məişət tullantıları daşınmış, konteyner meydançasının ətrafında yaranan anti-sanitariya vəziyyəti aradan qaldırılmış, ünvan Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən nəzarətdə saxlanılır”.

Görünən odur ki, bina sakinləri, yəni biz konteyner meydançasının başqa əraziyə köçürülməsi barədə ərizəmizdə haqlı olmuşuq. Çünki cavab məktubunda birlik həmin meydançanın anti-sanitariya vəziyyətində olduğunu etiraf edib. Lakin birlik ərazini bir neçə gün nəzarətdə saxlasa da (əslində biz heç belə bir nəzarətin şahidi olmamışıq), sonradan həmin ərazi daha da acınacaqlı vəziyyətə düşüb. Hazırda da həmin konteyner meydançası anti-sanitariya vəziyyətindədir və bu hal getdikcə daha dözülməz olur.

Onu da nəzərinizə çatdırırıq ki, həmin konteyner meydançasının ətrafı müxtəlif tikinti materiallarının çıxarı ilə qalaqlanıb ki, bu ümumiyyətlə heç bir təşkilat tərəfindən heç vaxt təmizlənmir.

Ona görə də bir daha sizdən sözügedən konteyner meydançasının yerinin dəyişdirilməsini, onu qanunun tələblərinə uyğun olaraq yaşayış mənzillərindən uzaq yerə köçürülməsini xahiş edirik. Əks təqdirdə biz hüquqlarımızı məhkəmədə qorumaq məcburiyyətində qalacağıq”.

Müraciəti 20 nəfər (Əsgər Namazov, Natiq Orucov, Zaib Bağırov, Lətifə Məmmədova, Zahirə Səmədova və s.) imzalayıb.


mediaforum


5285 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP