Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2013

İcra Hakimiyyəti qarşısında özünü doğradı

Dünən Abşeron Rayon İcra Hakimiyyətinin qarşısında tükürpədici hadisə baş verib.

Elnur Salahov adlı Masazır sakini Rayon İcra Hakimiyyətinin qarşısında qolunu doğrayıb. Etiraz olaraq atılan addımın qarşısını polis alıb. Gecəni Abşeron Rayon Polis Şöbəsində keçirən E.Salahov bu gün azadlığa buraxılıb. Şikayətçi bu addımının səbəbini AzNews.az-a illərdir ki, yerinə yetirilməyən tələbləri ilə izah edib. O bildirib ki, 2006-cı ildə uşaq evindən çıxıb. Hazırda 24 yaşı var və evi, işi yoxdur. Rayonun Masazır qəsəbəsində yaşayan E.Salahov torpaq üçün 3 ildir ki, bələdiyyəyə ayaq döyür, amma heç bir nəticə yoxdur: “Məni aldadırlar, illərdir ayaq döyürəm. İş və torpaq istəyirəm, ancaq mənə kömək eləmirlər. İnsafları yoxdur. Hər biri bir yol göstərir”.

Xatırladaq ki, özünü doğramağı E.Salahova yayda Masazır Bələdiyyəsinin sədri təklif edib. Siyanfər Əliyev məsləhət bilib ki, Maşallah adlı bələdiyyə üzvünün yanına girərək, ondan torpaq sahəsi istəsin. Bunun müqabilində də ona 500-600 manat vəd edib: “Mənə dedi ki, Maşallahın hektarlarla torpağı var. Get onun yanına, ona de, sənə torpaq versin. Verməsə, onun otağında özünü doğra. Dedi ki, belə bir addım atan kimi, nə qədər istəsəm, torpaq verəcək”.

Qeyd edək ki, Masazır bələdiyyə sədrinin təklifi ilə bağlı məlumatı AzNews.az iyun ayında yayımlayıb. Həmin xəbərdə də deyilirdi ki, S.Əliyev bələdiyyə üzvünün otağında özünü doğraması üçün Elnura 500-600 manat pul verəcəyinə boyun olub: “Mən bu məsələni Maşallah müəllimə dedim. Dedim, imkanın varsa mənə torpaq ayır, özümə bir koma tikim. Ona sədrin təklifini də dedim. O, torpaq boyun olmasa da, Siyanfərin dediklərini eləmədiyimçün mənə təşəkkür etdi. Dedi, kasıb oğlansan, yetim uşaqsan, pula aldanıb bu işi edə də bilərdin, ancaq sən eləməmisən”.

Görünür, E.Salahov Masazır Bələdiyyəsinin sədrinin təklifini düşünüb. Ancaq bələdiyyə üzvünün deyil, icra başçısının qarşısında doğramaq qərarına gəlib.

Qeyd edək ki, S.Əliyev mətbuata tanış simadır. Onun haqqında mətbuatda dəfələrlə məlumat gedib. Belə ki, bələdiyyə sədri barədə yazılan məlumatlarda o, bələdiyyə məxsus torpaqların qanunsuz zəbt edilməsində ittiham edilir. Onu da bildirək ki, S.Əliyevlə Masazır Bələdiyyəsinin üzvü Maşallah Abışov arasında intirqanın tarixi hələ ötən ilə söykənir. Belə ki, ötən ilin noyabrında M.Abışov da daxil olmaqla Masazır Bələdiyyəsinin 4 üzvü sədr Siyanfər Əliyevin qanunsuz olaraq yüz hektarlarla bələdiyyə torpağını şəxsi marağına uyğun olaraq satdığını iddia edən şikayət məktubu ilə mətbuata müraciət etmişdilər. Bir müddət sonra isə onlar bələdiyyə sədrinə qarşı şikayətlərinin olmadığını və aralarında anlaşdıqlarını bildirmişdilər. Görünür, sədr S.Əliyevin bələdiyyə üzvünə qarşı kini davam edir. Bu üzdən də onun otağında kiminsə özünü doğramasını təşkil edərək, bundan M.Abışova qarşı istifadə etmək niyyəti güdürmüş.


6464 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
Go to TOP