Elşad Abdullayev Mir Şahini yerdən-yerə vurdu

ANS teleşirkətinin vitse-prezidenti Mir Şahin Ağayevlə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev arasında söz atışması davam edir. Sonuncu dəfə Mir Şahin Elşad Abdullayevə açıq məktub yazmışdı. Bu gün hazırda Fransada siyasi mühacirətdə olan Elşad Abdullayev Mir Şahinə açıq məktub ünvanlayıb. Məktubun bir nüsxəsi “Azpolitika”ya daxil olub. Mir Şahinin yerdən-yerə vurulduğu məktubu cüzi ixtisarla təqdim edirik.
“Hörmətli Mir Şahin Ağayev !
İlk öncə bildirmək istəyirəm ki, qardaşımla bağlı üzüntü göstərən hər bir kəsə öz minnətdarlığımı bildirirəm və səmimi də qəbul edirəm, sadəcə olaraq mən bu gün də qardaşımın oğurlandıqdan sonra öldürülməsinə inanmıram, həsrətlə geri qayıtmasını gözləyirəm.
Görürəm mənim, sizin qeyd etdiyiniz kimi, sıradan olan bir publisisti “hörmətli” adlandırmağım sizi çox təcübləndirib. Belə başa düşdüm ki, bu gün siz özünüz barənizdə səslənən hər hansı bir müsbət fikrə təəcüblə yanaşırsınınz. Əslində bunda məntiq var. Belə ki, mən “hörmətli” ifadəsini “hökumət və xalq arasında bir körpü qurmuş” (nə qədər gülməli səslənir) Ramiz Mehdiyevi idealı sayan Mir Şahinə deməmişəm, hörmətli ifadəsi mənim tərəfimdən illər bundan öncə rəhmətlik jurnalist Çingiz Mustafayevin davamçısı olmuş bir yazara, publisistə söylənilib. Həmin Şahinin bu gün əfsuslar olsun ki, cismani mənada nə özü var, nə də həmin iti qələmi. Mən deyən Şahinin o zaman qələmə aldığı hər bir sətirdə rəhmətlik Çingiz Mustafayevin ermənilərin qarşısından qaçanlara həyacanla ucadan söylədiyi bir kəlmə …….. (hesab edirəm söyləməyə ehtiyac duyulmur) öz əksini tapırdı.
Nə baş verdi ay Şahin? Daima yetim-yesirin yanında olan, məmur özbaşınalığından car çəkən, yeri gələndə lap elə bir rektordan – məndən tənqid xarakterli buraxılışlar hazırlayan Şahin, bu gün özünün cürət edib deyə bilmədiyini elə həmin rektor bütün dunyaya yayanda, dərhal onun həbsini arzulayırsınız, həqiqəti söyləyən tanınmış həmkarlarınızı, hüquq müdafiəçilərini KİV-də aşığılamaqdan belə çəkinmirsiniz, efirdən hələ qaysağı qurumamış yaralarımızı sızıldadan düşmən melodiyalarının dinlənilməsini normal sayırsınız.
Budurmu Şahinin alnına yazılanlar?
Budurmu sizin “dəqiq, qərəzsiz və vicdanlı” fəaliyyətiniz?
Bəli, mənə təsir edir. Burada anlamamalı nə var ki? Yazdıqlarınızda səmimi olmasanız da, düzgün buyurursunuz ki, ürəyim doludur. Bəyəm neçə illər (bəzi məqamlarda deyirsiniz ki, filankəs mənim tələbəmdir) jurnalistikada olan bir insan kimi, bu yazıdanmı başa düşdünüz ki, ürəyim doludur, qanı canımdan olan elə siz yaşıdda qardaşımı on ildir ki, oğurlayıblar, nə izi var, nə də tozu?
Qardaşım oğlu Mübariz Abdullayevi güya mənim özümə qarşı cinayət törədib, məni zərərçəkmiş kimi utanmadan tanıyıb 10 il cinayət məsuliyyətinə cəlb ediblər və sizin “dəmir ledi”nizdən fərqli olaraq, bu gün dəmir barmaqlıqlar arxasındadır, himayəsində də bir deyil, iki deyil, 4 azyaşlı övladı.
Sizə məsləhətim budur ki, kəlimələrinizi ölçüb-biçməmiş ictimailəşdirməyin. Şükürlər olsun, bu gün Bakı şəhərində mənim hüquqlarımı müdafiə edən adlı-sanlı, nüfuzlu vəkilim var. Əgər kifayət qədər “mandat alverindən” məlumatınız yoxdursa, fəaliyyətləri alqışlara layiq insanlar haqqında aşağılayıcı yazılar dərc etməkdənsə bir müraciət edin. Bəlkə bundan sonra məlumatınız olar ki, mən heç vaxt G.Əhmədovanın həbs olunması üçün şikayətdə bulunmamışam. O zamana qədər ki, “dəmir ledi” adlandırdığınız cinayətkar (artıq bu gün belə adlandırmaq olar) barəsində bəy tərifi söylədiyiniz şəxsə arxalanıb mənim xahişlərimi rədd edib, qapını göstərmişdir. O ki qaldı mənim müsahibə almaq arzuma, mən jurnalist deyiləm, amma sizi qətiyyətlə inandırıram ki, bir gün qurbanlar da, havadarlar da müsahibə yox, layiq olduqları cəzanı almamışdan öncə obyektiv ifadə verəcəklər. Mən də gələcəm. Artıq necə gələcəyimi buraxıram o uca görünməzin öhdəsinə. Buna əmin ola bilərsiniz.
“Deyəsən bu vurçatlasında Sizin gücünüz yalnız mənə çatır”. Bir tanınmış jurnalist kimi bu ifadənizi də mən anlaya bilmirəm. Daşı atıb, sonra gizlənmək lazım deyil. Mənim gücüm özümə çatdı. Allahıma şükürlər olsun ki, mən sizdən fərqli olaraq özümdə güc tapıb həqiqəti söyləyə bildim və gücüm məni tərk edənə qədər də bunu edəcəm, heç şübhəniz olmasın.
Yazırsınız ki, “ürəyində Əli rəhmi olan bir azərbaycanlı tək heç kimin zindanda, həbsdə və ya ümumiyyətlə əzizlərindən, Vətəndən uzaqda olmasını arzulamıram”. Belə olan halda necə olur ki, məqam düşən kimi, elə həmin ANS-in efirindən mənim həbsimdən söz açırsınız? Bunu necə başa düşək? Belə çıxır ki, kimlərinsə Əli rəhminə aidiyyatı var, mənim yox? Əgər sizin həmin “kimlərləsə” bir qohumluq əlaqəniz varsa, mən sizi başa düşməyə çalışaram, baxmayın, qan çəkə bilər. Amma əgər belə bir əlaqə mövcud deyilsə və bunu qəsdən edirsinizsə sizə yazıqlar olsun!
Siz məhkəmənin qərarı ilə cinayətkar adına layiq görülmüşün birinə “dəmir ledi”, on ildir qardaşı oğurlanmış bir insana həbs arzulayın, sonra da deyin ki, “Mən Seyid övladıyam və mənim yolum hər halda böyükdür.”
Əzizim, Allahını sevməyənə kafir deyərlər, Allah yolunda əziyyət çəkənlərə də hörmət edərlər. Mən ilahiyyatçi deyiləm, amma bir müsəlman kimi, onu da bilirəm ki, iftira atmaq, yalan danışmaq Allah tərəfindən də qəbul edilmir. Hanı sizin o böyük yolunuz? Əgər siz bu gün Seyid-Peyğəmbər yolundan deyil, özünüzün getdiyiniz yoldan dəm vurursunuzsa və həmin yolun enini- uzununu ölçüb nəticə çıxarırsınız ki, sizin yolunuz böyükdür. Bu yanlış fikirdir.
Ümumiyyətlə demək olar ki, yürütdüyünüz fikirlərin əksəriyyəti ilə razı deyiləm. Misal üçün, qeyd edirsiniz ki, “bir sıravi publisist kimi ad və ya epitet seçimində azadam və G.Əhmədovaya “dəmir ledi” demək sırf zövq məsələsidir.”
Mənim fikrimcə, zövqün böyük mənada insanlıq üçün psixoloji təsiri var və hesab edirəm ki,“mandat alverçilərinin” deyil, təkcə dahilərin, xalqının qarşısında xüsusi xidmətləri olanların seçimləri və istəkləri təqdirəlayiq, ya da ki, tərbiyəvi sayıla bilər. Mənim tanıdığım, bildiyim insanlar zövqün konstitusiyasını özləri üçün birdəfəlik aydınlaşdırıblar. İstər üzəvari yanaşanda, istərsə də «filosofyana» şəkildə dərinliyə varanda zövq, sadəcə və sadəcə, yaddaşında olandır, ürəyində istədiyindir, əl uzatsan belə çatacaq qədər yaxında olub, sığal çəkə bilmədiyindir, özlüyünü bilib də yetmək istədiyinə yetə bilməməyindir! Kİ… onun ifadəsini görəndə bəyənirsən, təqdir, təbliğ edirsən — çünki özün varsan, özlüyünü görürsən. İndi ay əzizim Mirşahin, əgər sizdə Gülər xanıma bu qədər ürəkdən, bir dost və yaxud dahi kimi hörmət edirsinizsə, onun ifadəsini görəndə bəyənirsinizsə, onun mandat satmasını təqdir, təbliğ edirsənizsə, onu görəndə özünüzü görürsünüzsə, buyurun, nə qədər zövq alırsınız alın! Amma bu zövqü ekranlardan hər bir azərbaycanlının evinə girib təbliğ etməyin. Zövqünüzü bizlərə sıramayın!
Təmamilə düzgün buyurursunuz ki, sizin gözlər çox şey görüb, görür və yaşa görə təbii zəifləməsinə baxmayaraq, hələ görəcək inşaAllah. Lakin görməyin nə mənası ay Mir Şahin? Bir gördüyünüzü olduğu kimi dinləyicinizə, yazdıqlarınızı oxucularınıza çatdırmaq qabiliyyətinə malik deyilsinizsə, bunun nə mənası var? O ki qaldı kiməsə dəyib toxunmamağınıza, əfsuslar olsun ki, mən o fikirdə deyiləm.
Səhv etmirəmsə siz Respublikanın Əməkdar Jurnalisti adına layiq görülmüsünüz. Əməkdar jurnalist öz yazısında opponentinin, əgər belə demək mümkündürsə anadan olub, böyüyüb başa çatdığı coğrafi məkanın adını istehza ilə çəkməz, doğma Azərbaycanımızı rayonlara, məmləkətlərə bölməz, mənim sizin anadan olduğunuz cənub zonasınının insanına böyük hörmətim var və onlarla vətənimin digər bölgələrindən olan həmvətənlilərim arasında heç vaxt fərq qoymaq cürətində olmamışam. Siz mənim barəmdə hər hansı bir fikir yürüdə bilərsiniz, amma heç bir halda sizə məsləhət görmürəm ki, bölgə söhbətini bu məsələlərə qarışdırasınız. Xalqın ittihamı ağır olur…
Bəli, mən həmin Elşad Abdullayevəm ki, zəngin Kürdəmir rayonunun, zəngin ailələrinin birinin övladı kimi Bakı şəhərinə gəlib universitet açmışam. Bəyəm universitet açmaq üçün Bakı şəhərinin mərkəzində anadan olmaq lazımdır? Universiteti məndən tələb edənlərin dili ilə buyurduğunuz dövlət binasında deyil, özəl, şəxsi mülkümdə açmışam. Əgər həmin binaların statusu kimlər üçün isə maraq doğurursa, mən böyük məmnuniyyətlə şəxsi əmlakımın sənədlərini təqdim edə bilərəm.
Bəli, mən həmin Elşad Abdullayevəm ki, sizin kimilərin yükünü üzərimə götürüb insan oğrularını, rüşvətxor-reket prokurorları, hakimləri, təmsil etdikləri təşkilatları rəzil edən əməkdaşları, görüntü yaradan biznesmenləri, bu millətin qanını içən məmurları, mandat alverçilərini sizin deyil, təmamilə düzgün buyurursunuz ki, öz kameralarımla çəkib içtimailəşdirmişəm və buna görə də peşiman deyiləm.
Sadəcə nəticədə əməkdar jurnalisti siz alırsınızı, vətəndən didəgin düşən mən oluram. Özü də mənə görə narahat olmayın. Mən nə etdiyimi gözəl bilirəm, bədəlini də ödəməyə hər an hazıram.
Amma sizdən sonra, cənablar! Əgər öz xidməti otağımda, evimdə, ofisimdə məni təhdid edəni, oğurlanmış qardaşımın geri qaytarımasına dair bazarlıq aparanları, ümmumiyyətlə cinayəti kameraya çəkib, ictimailəşdirmək cinayətdirsə, mən bunu etiraf edib, “cəzamı” çəkməyə hazıram.
İndi isə növbə sizindir, buyurun cənablar, siz mənim çəkdiyim video-görüntülərdə əks olunmuş cinayətlərinizi etiraf edin!
Cığallıq etməyin. Əzizim Mir Şahin, yəqin ki, bilməmiş deyilsiniz, cinayətkarın milliyyəti olmadığı kimi, zənəni-kişisi də olmaz. Cinayətkar cinaytkardır. Mənim bəzilərindən fərqim ondan ibarətdir ki, Azərbaycanda hüquqi böhrandan, baş alıb gedən haqsızlıqdan, cinayətkarlığın tuğyan etməsindən danışmıram, sübut-faktlarla göstərirəm.
Azərbaycanda yaşamaq, Azərbaycanlı olmaq demək deyil, gərək ruhən, mənaviyyatca Azərbaycanlı olasan!
Belədə kimin Azərbaycanlı olub-olmamasını biz sizinlə gözəl bilirik. Sadəcə, bunun üzərində dayanmağı özümə rəva bilmirəm. Və məncə başlıca məsələ də elə budur!
Elşad Abdullayev. Fransa.
15.05.2014.