Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2015

Xalq üzərində qələbə

Yaltaqlar Avropa Oyunlarını Azərbaycan hakimiyyətinin böyük qələbəsi belə adlandırmaqdan çəkinmirlər. Kimin üzərində qələbədir? Uduzan kimdir? Qələbədirsə, bu tədbir Azərbaycan xalqının üzərində qələbədir. Elə bil bizim xalqı güləş döşəyində yerdən-yerə çırpıblar...
Uşağını və özünü müayinə etmək üçün borc axtaran bir xalqın pulu ilə bu qədər bahalı idman tədbiri keçirmək, hər gələnin cibinə pul basmaq başqa cür necə adlandırıla bilər? Böyük və gerçək bir qələbəni qeyd etsəydik, xalqımız Zaur adlı aparıcının verilişində müalicə üçün pul diləməzdi efirə baxanlardan...
Xalq istəyərdi ki, onun Avropa standartına uyğun səhiyyə xidməti olsun və tibbi sığorta hesabına bu xidmətə onun üçün əli çata bilsin. Avropa Oyunlarına xərclənən vəsaitin yalnız bir hissəsi bu cür islahatı həyata keçirməyə bəs edərdi, çünki kasıb Gürcüstan buna çoxdan nail olub. Amma bunun əvəzinə, xərci 100 milyondan az olmayan açılış şousu göstərdilər xalqa. Bu da həmin xalqı idman arenasında əzişdirmək deməkdir. Avropa Oyunları keçirirsən, özün də müalicə üçün Irana gedirsən...
Azərbaycanın və azərbaycanlıların digər problemlərini bir-bir yazmaq artıq iş olardı. Bu son aylarda hər kəs anladı ki, ölkəyə qədərincə yeni avtobuslar da gətirmək olarmış, yeni metro qatarları da, amma bunu turistlərin xətrinə edirlər.
Neftin qiyməti düşdüyü gündən əhalinin güzəranı pisləşir, iş yerləri bağlanır, gəlirləri azalır. Əhalinin az-çox iş tapıb, qazanc əldə edib keçinə bildiyi tikinti sektoru da çökməkdədir. Böyük sosial böhran cəmiyyətin başı üzərindədir. Xalq taleyin ümidinə buraxılıb. Hakimiyyətin yeni dövr üçün heç bir planı, heç bir vədi yoxdur. Sanki heç nə olmayıb, əsas idman yarışlarını izləməyə gələn az sayda turistin kefinin yaxşı olmasıdır. Tezliklə Oyunlar bitsə də, bir müddət də medallardan danışacaqlar. Qədərincə sanballı ödənişlərlə dünyanın ən müxtəlif ölkələrindən Azərbaycan yığmasına qatılmış idmançıların uğurları boşu-boşuna təbliğ olunacaq. Bunu qələbə sayacaqlar.
Azərbaycanı təmsil edən idmançıların siyahısına baxanda isə qələbənin xalqın üzərində olduğu daha aydın görünür. Azərbaycanı Avropa oyunlarında təmsil edənlər arasında 33 nəfər Rusiyadandır. Başqa ölkələr də var: Ukrayna-23, Belarus-8, Braziliya-5, Iran-4, Efiopiya-4, ABŞ-2, Türkiyə-2, Bolqarıstan-1, Litva-1, Kuba-1, Gürcüstan-1, Macarıstan-1, Estoniya-1, Moldova-1, Yamayka-1, Slovakiya-1. 17 ölkədən 90 əcnəbi Azərbaycanı təmsil edir. Bu qədər adama yüksək ödənişlər edib Azərbaycan adından meydançaya çıxarmaq bizə hansı qələbəni gətirir?
Bunun yenə də bir adı var - Azərbaycan xalqı üzərində qələbə. Istədiyini etmək! Xalqdan çəkinmədən istənilən addımı atmaq! Xalqa hesabat verməmək! Bu, yalnız xalq üzərində qələbə sayıla bilər!
Biz 90 nəfər əcnəbi ilə medallar qazanmaqda ikən ölkəmiz tarixi şanslarını arxada qoyur, təkcə pullarını göyə sovurmur. Yəqin xəbəriniz var ki, dünən Qazaxıstan da Dünya Ticarət Təşkilatına üzv olub. Siyasi mövqeyindən asılı olmayaraq ölkədə bütün tərəflər bunu Qazaxıstan üçün tarixi hadisə sayır. Çünki bunun faydasını bütünlüklə ölkə hiss edəcək. Güclü, rəqabətə davamlı, şəffaf iqtisadiyyata nail olmaq üçün DTT üzvlüyü çox vacibdir. Nursultan Nazarbayev etiraf edib ki, Qazaxıstan həm xarici, həm də yerli sərmayəçilər üçün daha cəlbedici ölkəyə çevrilir, yeni istehsal sahələri və iş yerləri yaratmaq imkanı əldə edir: “Bu, bizim üçün tarixi hadisədir”.
Azərbaycan isə DTT-yə üzv olmaqdan açıq-açığına yayınır. Bunlara korrupsiya dənizində üzüb, idman yarışları keçirmək lazımdır...

Şahvələd Çobanoğlu
2582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP