Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

İcra başçısı restoranı, sürücülər yolu təmir edir – Ayıb

Axundov küçəsində təmir adına bir-iki maşın mişar daşı tökülməsi və yarğanların bağlanması işini marşrut sürücülərindən yığılan pulların hesabına aparılır.

Bu barədə 10, 13, 53, 88 saylı marşrut avtobusun sürücüləri bildirdilər. Sürücülərin dediyinə görə, yarğanlar Süleyman Sani Axundov küçəsini keçilməz hala gətirdiyindən, iritutumlu avtobusların hərəkəti demək olar ki, mümkünsüz olub: “Vaxtaşırı maşınların altını vururuq, bəzən qabaq, ya arxa tərəfdən düşür yarğana, avtobuslar əzilir. Buna görə də bu məşəqqətdən qurtarmaq üçün müdirlər belə məsləhət bildilər ki, pul yığaq, heç olmasa, bu yarğanları daşla dolduraq”.

Xatırladaq ki, redaksiyamızın yerləşdiyi Süleyman Sani Axundov küçəsinin bərbad vəziyyətdə olması ilə bağlı dəfələrlə yazsaq və Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etsək də, heç bir tədbir görülməyib. Bir müddət əvvəl S.S.Axundov küçəsinin girişində inşa olunan və hələ istismara verilməyən şadlıq evinin qarşısını asfaltlayan Binəqədi icra hakimiyyəti elə ora ilə də kifayətləndi və şadlıq evinin qarşısından bir az uzaqlaşmağı, cəmi 200-300 metr olan küçənin təmir etməyi “yaddan çıxardı”.

Binəqədi rayon İH-dən bildirdilər ki, təmir davam edəcək: “Əsas şadlıq evidir, çünki ora çox adam gəlib-gedir. Sonra küçəni də təmir edəcəyik”.

Bu sözləri Binəqədi rayon İH mətbuat xidmətindən bildirmişdilər. Halbuki şadlıq evi hələ açılmayıb və ora bir nəfər də gəlib-getmir. Əvəzində isə burada illərdir yaşayan sakinlər ucqar dağ kəndində yaşayırmış kimi, palçığın işində batır, yarğanlara yığılmış lilli sulardan keçib evlərinə gedə bilmir, marşrut avtobusları işləmir.

Binəqədi İcra Aparatının nümayəndəsi kimi özünü təqdim edən şəxs sualımıza cavab olaraq bildirdi ki, yolun təmirinə rayon rəhbərliyi cavabdeh deyil: “Yaxınlıqda Metropoliten özünə Depo tikir və o yolu pis günə onlar qoyub”.

Beləliklə, bir sahibkarın könlü xoş olsun deyə, şadlıq evinin qarşısını, böyür-başını asfaltlayan, ancaq minlərlə sakini yolsuz qoyan icra hakimiyyəti öz məsuliyyətini Metropolitenin üstünə yıxmaqla məşğul olarkən, çarəsiz sürücülər yolu daşlamaqla vəziyyətdən çıxmağa çalışırlar.


4089 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP